Həqiqət Cavadova
Həqiqət Əliəşrəf qızı Cavadova (9 oktyabr 1939, Nuxa) — kimyaçı alim, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, professor, texnika elmləri doktoru, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2024).
== Həyatı ==
Texnika elmləri doktoru Cavadova Həqiqət Əliəşrəf qızı Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, neft-kimyaçı alim, Azərbaycan neftlərindən alınan yağların tədqiqi, onların əsasında müxtəlif təyinatlı sürtkü yağlarının yaradılması, istehsalının təşkili sahələrində tanınmış mütəxəssisdir.
Həqiqət Əliəşrəf qızı Cavadova 1939-cu il oktyabrın 9-da Bakı şəhərində anadan olmuşdur. H.Ə.Cavadova 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini kimyaçı ixtisası ilə bitirdikdən sonra həmin ildən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsində, 1965-ci ildən yeni yaradılmış AMEA Aşqarlar Kimyası İnstitutunda mühəndis, kiçik və böyük elmi işçi işləmiş, 1988-ci ildən “Motor yağlarına aşqar kompozisiyaları” laboratoriyasına rəhbərlik edir.
H.Ə.Cavadovanın əsas elmi istiqaməti praktiki əhəmiyyətə malik müxtəlif funksional təsirli yeni, tərkibində fosfor, kükürd və azot saxlayan üzvi birləşmələr və sənaye aşqarları əsasında avtomobil və yük maşınları, avtotraktor və gəmi mühərrikləri üçün motor yağlarının sürtkü kompozisiyalarının elmi əsaslarının işlənib hazırlanması sahəsini əhatə edir.
H.Ə.Cavadovanın bilavasitə rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində ilk dəfə avtotraktor, teplovoz, stasionar, gəmi dizelləri və müxtəlif təyinatlı daxili yanma mühərriklərində istifadə olunan M-8B, M-63/12Г1, М-8Г1, М-12ВБ,
М-10Г2, М-10Г2k, М-14Г2, М-10Г2ЦС, М-10В2, М-14В2, М-14ГБ, М-20Бп,
М-16ИХП-3 markalı motor yağları yaradılmış, istehsalı “Azərneftyağ” Neft Emalı Zavodunda (NEZ) və institiutun “Aşqar” Təcrübi İstehsallı ilə Xüsusi Texnoloji Bürosunda təşkil edilmişdir. 1995-ci ildən başlayaraq müxtəlif illərdə (1995-2011) bir sıra motor yağları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Müdafiə Nazirliyinin “Xüsusi Texnika” Elmi İstehsalat Birliyi(EİB), Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Dəmir Yolları QSC, Kənd Təsərrüfatı Nazirliyi, “Bakı Sərnişin Nəqliyyatı”MMC və digər qrumlarda tətbiq olunmuşdur. Bakı baza yağları əsasında işlənib hazırlanmış gəmi və stasionar dizellərində istifadə olunan M-12ВБ motor yağı 1998-ci ildən hal-hazıradək “Azərneftyağ” NEZ-də istehsal olunur. М-10В2, və М-14В2 yağları isə MDB ölkələrinə ixrac edilib.
Xəzər Dəniz Donanması, ARDNŞ Bayıl limanı və Sərhəd Qoşunlarının istismarında olan gəmilərin dizel mühərrikləri üçün xaricdən gətirilən motor yağlarının yeni analoqları yerli xammal əsasında М-20В2Ф yağının sürtkü kompozisiyaları yaradılmışdır.